top of page
asas.png

Azərbaycan Respublikası
Su Təsərrüfatı İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

Fəaliyyət

istiqamətləri

Ali

orqanlar

Hüquqi

baza

Sosial əmək

hüquqları

Beynəlxalq

əlaqələr

Əməyin

mühavizəsi

Gənclər

siyasəti

Gender

siyasəti

Astirk Xəbər

_edited.jpg

Xəbər 1

sjfhfjhdfjjsfsjhsjh jshdsjd  hsdnsjhjsdms jshds sdksdjsd skdsd sdsd 

Xəbər 1

sjfhfjhdfjjsfsjhsjh jshdsjd  hsdnsjhjsdms jshds sdksdjsd skdsd sdsd 

Xəbər 1

sjfhfjhdfjjsfsjhsjh jshdsjd  hsdnsjhjsdms jshds sdksdjsd skdsd sdsd 

Maddə 31. Təhlükəsiz yaşamaq hüququ I Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. II Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Maddə 35. Əmək hüququ I Əmək fərdi və ictimai rifahın əsasıdır. II Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III Heç kəs zorla işlədilə bilməz. IV Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. VI Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. VII İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. VIII Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Maddə 37. İstirahət hüququ I Hər kəsin istirahət hüququ vardır. II Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Maddə 38. Sosial təminat hüququ I Hər kəsin sosial təminat hüququ vardır. II Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. III Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. IV Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ I Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. II Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. III Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. IV Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.(2) Maddə 41. Sağlamlığın qorunması hüququ I Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. III İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Maddə 207. Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik 1. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. 2. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 3. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Maddə 208. Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri Bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən: işçilərin; istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların; məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların; təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir. Maddə 209. Əməyin mühafizəsinin əsas prinsipləri Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir: dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi; işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması; əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, habelə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi; mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi; əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi; əməyin mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl təcrübədən geniş istifadə edən, habelə təhlükəsiz texnikasının və texnologiyanın səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq qaydada və vəsaitlərlə həvəsləndirilməsi; müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş vergi siyasətinin aparılması; əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı; əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi; işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi; təhsil, ixtisasartırma və yenidən hazırlanma müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və yenidən hazırlanması; istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi; istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi; həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması; əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi. Maddə 210. Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birliklərin iştirakı İşəgötürənlər, işçilər, habelə ayrı-ayrı fiziki şəxslər əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək ictimai birliklər haqqında qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən ictimai birliklər yarada bilərlər.Dövlət hakimiyyəti orqanları, habelə işəgötürənlər bu ictimai birliklərə hərtərəfli kömək göstərməli və əməyin mühafizəsinin təmin edilməsi barədə normativ hüquqi aktları qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə almalıdır. Maddə 211. Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi 1. Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı: işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların, peşə və vəzifələrin; işlərin yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin; işçinin yüksək həssaslılığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların və iş yerlərinin; qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən istehsalatların və iş yerlərinin; əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin; işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin; yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar və profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin respublika üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir; işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari şəxsi sığorta edilməli olan həyat üçün yüksək təhlükə mənbəli istehsal və qeyri-istehsal sahələrinin respublika üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir. 2. Bu maddənin birinci hissəsində sadalanan siyahılar kütləvi tirajlarla nəşr etdirilməli və iqtisadiyyatın bütün sahələri üzrə işəgötürənlərin, həmkarlar ittifaqları təşkilatlarının istifadəsinə verilməlidir. İşəgötürənlər bütün imkanları və məqbul üsulları ilə işçilərin həmin siyahılarla istənilən vaxt tanış olması və istifadəsi üçün zəruri tədbirlər görməyə borcludurlar. Maddə 212. Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi 1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 2. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. Maddə 213. Əməyin mühafizəsi sahəsində icra hakimiyyəti orqanlarının səlahiyyətləri Müvafiq icra hakimiyyəti orqanları, habelə dövlət konsernləri, şirkətləri, assosiasiyaları və müəssisələrin birlikləri öz səlahiyyətləri daxilində: həmkarlar ittifaqları təşkilatlarının, işəgötürənlərin nümayəndəli orqanlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin müvafiq iş yerlərində həyata keçirilməsinin əsas istiqamətlərini müəyyən edir və bu barədə nəzərdə tutulan tədbirləri həyata keçirirlər; əməyin mühafizəsi üzrə sahə standartlarını, normalarını, qaydalarını, normativ hüquqi aktlarını hazırlayır və müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin edirlər; müəssisələrin rəhbər işçilərinin, mütəxəssislərinin əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimini keçirir və onların biliklərini yoxlayırlar; tabeliklərində olan müəssisələrdə əməyin mühafizəsi qayda və normalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər; zəruri hallarda müvafiq sahə üzrə əmək təhlükəsizliyini təmin edən cihazların, qurğuların və digər qoruyucu vasitələrin hazırlanmasını təşkil edirlər. Maddə 214. Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri Bələdiyyə orqanları: əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər; əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır və onların yerinə yetirilməsini təmin edirlər; regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün onların pay iştirakı və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər. Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Maddə 216. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. Maddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları 1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. 3. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 5. Bədbəxt hadisələrin təhqiqinin, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Maddə 218. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin təmin edilməsi 1. Qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsal vasitələrinin hazırlanmasına və buraxılmasına, texnologiyaların tətbiqinə yol verilmir. 2. Müəssisələrin və istehsal vasitələrinin layihələri dövlət ekspertizasından keçirilməli, istehsal vasitələrinin sınaq nümunələri isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunun yoxlanması üçün dövlət sınaqlarından çıxarılmalıdır. 3. Müvafiq icra hakimiyyəti orqanlarının tələbləri ilə sifarişçi və ya icraçı layihənin (nümunənin) əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə müvafiq təşkilatları və mütəxəssisləri cəlb etməklə öz hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidirlər. 4. İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqi qadağandır. 5. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılması qadağandır. 6. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı olmadan istismara verilməsi qadağandır. 7. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən dayandırılmalıdır. Belə hallarda işçilərin əmək haqqı bu Məcəllənin 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada ödənilir. Maddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi 1. Dövlət müvafiq ixtisas məktəblərində ölkədə mövcud istehsalat xüsusiyyətlərini nəzərə almaqla əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir. 2. İşəgötürənlər həmkarlar ittifaqları təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi üzrə işçilərin təlimi və ixtisasartırma sistemini təşkil etməli və qanunvericiliyə müvafiq həyata keçirməlidirlər. 3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 4. İşçilərin təliminin və ixtisasartırmanın bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. 5. Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. İşəgötürən bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borcludur. Maddə 220. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi 1. Məqsəd və təyinatından asılı olaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssəsənin gəliri hesabına maliyyələşdirilir. 2. Dövlət büdcəsində və yerli büdcələrdə əməyin mühafizəsi üçün ayrıca sətirlə ayrılmış büdcə təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət və regional proqramlarının hazırlanması və yerinə yetirilməsi üçün istifadə olunur. 3. İşəgötürən və ya müəssisənin mülkiyyətçisi hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti və material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır. 4. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır. 5. (Çıxarılıb) Maddə 221. Əməyin mühafizəsi fondu 1. Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondu yaradıla bilər. Dövlət Əməyin Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir. 2. Dövlət Əməyin Mühafizəsi Fondu: dövlət büdcəsindən ayırmalar; mənfəətindən ayırmalar; əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi; müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir. 3. Müəssisə üzrə fond işəgötürən tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinə ayırdığı vəsaitin hesabına yaradılır. 4. Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamədə nəzərdə tutulan qaydada həyata keçirilir. 5. Müəssisədə əməyin mühafizəsi fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin və təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər. Maddə 222. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi 1. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. 2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. 3. İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur. 4. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir. 5. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. İşəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir. 6. İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir. 7. İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı və duzlu su ilə təchiz etməlidir. 8. İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır. Maddə 223. Əməyin mühafizəsi xidmətləri 1. Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. 2. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. 3. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər. 4. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 5. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər. Maddə 224. Əmək müqaviləsi bağlanarkən işçinin əməyin mühafizəsi hüququna təminatları 1. Əmək müqaviləsinin bağlanması şərtləri bu Məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. 2. Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. 3. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı saxlanılmaq şərtilə başqa iş verməlidir. 4. İşçilərin peşə xəstəliyinə tutulması ehtimalı olan istehsalatlar və iş yerləri bu Məcəllənin 211-ci maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmalıdır. Maddə 225. İşçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sığortası və şəxsi sığortası 1. İşəgötürən qanunvericilikdə müəyyən edilmiş qaydada və şərtlə işçiləri icbari sosial sığorta etməlidir. 2. Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər. Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir. 3. Maşın, mexanizm, qurğu, elektrik avadanlıqları, partlayış və yanğın təhlükəsi və bu qəbildən olan digər yüksək təhlükə mənbələrində işləyən işçilərin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələrdən icbari şəxsi sığorta edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən həyat üçün yüksək təhlükə mənbəli istehsal və qeyri-istehsal sahələrinin bu Məcəllənin 211-ci maddəsində nəzərdə tutulan siyahısı əsasında həyata keçirilir. Maddə 226. İcbari tibbi müayinələr 1. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. 2. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər. Maddə 227. Əməyin mühafizəsi şəraiti haqqında işçilərin məlumat almaq hüququ İşçilər iş yerlərində əməyin mühafizəsi şəraiti, həmin şəraitə uyğun olaraq onlara müəyyən edilmiş normalarla verilməli olan fərdi mühafizə vasitələri, güzəştlər və təminatlar haqqında məlumat tələb etmək hüququna malikdirlər. İşəgötürən bu tələbləri yerinə yetirməyə borcludur. Maddə 228. Qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin tənzimlənməsinin xüsusiyyətləri Qadınların, yaşı 18-dən az olan işçilərin, habelə əmək şəraiti zərərli və ağır olan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Maddə 229. Əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan fəaliyyətin qadağan edilməsi Əməyin təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə və bu Məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi prinsiplərinə uyğun olmayan istər işəgötürənin, istərsə də başqa vəzifəli şəxslərin, habelə müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işi işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə törədərsə, müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən aşkar edilmiş pozuntular aradan qaldırılanadək dayandırılmalıdır. Maddə 230. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərin təminatları 1. İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır. 2. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş qaydada həll edilir. Maddə 231. Daha yüngül işə keçirmə Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Maddə 232. İşçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə keçirildiyi və əmək haqqının saxlandığı hallar 1. İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. 2. Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır. 3. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. Maddə 233. Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması 1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. 2. İşçilər havanın temperaturu azı 45 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda şləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. 3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur. 4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. 5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Maddə 234. Əməyin mühafizəsinin təmin edilməsi üçün iş dayandırıldıqda başqa işə keçirmə Əməyin mühafizəsinin təmin edilməsi məqsədi ilə bu Məcəllənin 230 və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır. Maddə 235. Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ hüquqi aktlara əməl edilməsinə dövlət nəzarəti 1. Əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. 2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının və onun vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya), məhkəməyə şikayət verilə bilər. Maddə 236. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarət 1. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti əmək kollektivinin müvəkkil etdiyi şəxslər və həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri həyata keçirirlər. 2. Əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxsin, həmkarlar ittifaqları təşkilatının nümayəndəsinin iş yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlamaq, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını vəzifəli şəxslərdən tələb etmək, habelə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə işəgötürən qarşısında məsələ qaldırmaq hüququ vardır. 3. Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün işəgötürən ona hər həftə orta əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır. Maddə 237. Əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət sahəsində həmkarlar ittifaqlarının hüquqları 1. Həmkarlar ittifaqları «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. 2. Həmkarlar ittifaqları əməyin mühafizəsi üzrə normativ aktların hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırılmasında iştirak edirlər, onlarla razılaşdırılmamış aktların qüvvəyə minməsinə qarşı müvafiq dövlət orqanları vasitəsilə etiraz etmək hüququna malikdirlər. 3. Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlərinin və vasitələrinin sınağı və istismara qəbulu üzrə dövlət komissiyalarının işində, istehsalatda bədbəxt hadisələrin təhqiqində, əməyin mühafizəsi vəziyyətini, onun yaxşılaşdırılması üçün kollektiv müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə yoxlamalarında iştirak edirlər. Vəzifəli şəxslər əməyin mühafizəsi tələblərini pozduqda, istehsalatda baş vermiş bədbəxt hadisələri gizlədikdə həmkarlar ittifaqlarının təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququ var. 4. İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda həmkarlar ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi üzrə konstruksiya çatışmazlıqları olan maşınların, mexanizmlərin və digər məhsul növlərinin istehsalını, insanların sağlamlığına zərərli təsir göstərən materialların, texniki və texnoloji vasitələrin tətbiqini, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və işəgötürən tərəfindən qəbul edilmiş qərarların fəaliyyətinin dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan qarşısında məsələ qaldırsın. 5. Həmkarlar ittifaqları bu Məcəllə ilə, habelə digər normativ hüquqi aktlarla müəyyən olunmuş əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti onların nəzdində fəaliyyət göstərən müvafiq əmək müfəttişliyi vasitəsilə həyata keçirir. Bu müfəttişliyin hüquqları və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Bu qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir. Bu qanunun müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir. Maddə 1. Əsas anlayışlar Bu qanunda istifadə olunan əsas anlayışlar, aşağıdakı mənaları ifadə edir: obyektlərin texniki təhlükəsizliyi (bundan sonra – texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti; texniki nəzarət – istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət; qəza – təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması; hadisə – təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması; təhlükəsizlik texnikası – avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi; uyğunluq sertifikatı – avadanlığın, maşın və mexanizmlərin, dövlət standartına və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə. Maddə 2. Təhlükə potensiallı obyektlər 1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. 2. Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 3. Təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir. Maddə 3. Texniki təhlükəsizlik tələbləri 1. Texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. 2. Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır. Maddə 4. Texniki təhlükəsizlik haqqında qanunvericilik 1. Texniki təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. 2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. Maddə 5. Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsi Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsini qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 6. Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılığın verilməsi Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Maddə 7. Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular və avadanlıqlar 1. Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. 2. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 3. Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 4. Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 5. Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir. Maddə 8. Təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri 1. Təhlükə potensiallı obyektin tikintisinə, genişləndirilməsinə, yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə, konservasiyasına və ləğv edilməsinə başlanması barədə qərarın qəbul edilməsinin məcburi şərtlərindən biri layihə sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəyinin olmasıdır. 2. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. 3. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərini işləyib hazırlayan təşkilatlar qanunvericiliklə müəyyən edilmiş qaydada müəlliflik nəzarətini həyata keçirirlər. 4. Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır. Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzaların lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır. Maddə 9. Təhlükə potensiallı obyektin istismarına dair texniki təhlükəsizlik tələbləri Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər: bu qanunun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir; təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir; təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır; binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin etmək, eləcə də təhlükə potensiallı obyektdə istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi yoxlanmasını keçirməlidir; təhlükə potensiallı obyektlərin mühafizəsini təşkil etməli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükəsizlik tələblərinə riayət etməlidir; texniki təhlükəsizlik bəyannaməsi hazırlamaq, təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağlamalıdır; təhlükə potensiallı obyektin istismarına dair xüsusi razılığa malik olmalıdır; partlayıcı və radioaktiv maddələrin, partlayıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir; müvafiq icra hakimiyyəti orqanlarının təlimat, sərəncam və göstərişlərinə əməl etməlidir. Maddə 10. Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri aşağıdakılardır: təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək; ildə bir dəfədən az olmamaq şərti ilə tibbi müayinədən və attestasiyadan keçmək; təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək. Maddə 11. Hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə: - sistemli tədbirlər hazırlayır və həyata keçirir; - işçi heyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirir, onları attestasiyadan keçirir; - baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir; - qəza və hadisə baş verdikdə istismarı dərhal dayandırır; - peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlayır; - qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə vəsaitinin və maddi-texniki vasitələrin ehtiyatını yaradır; - bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir. Maddə 12. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına daxili nəzarət 1. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təşkil etməli və həyata keçirməlidir. 2. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına istehsal nəzarətinin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində məlumat müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Maddə 13. Qəza səbəblərinin texniki təhqiqatı 1. Təhlükə potensiallı obyektdə baş vermiş hər bir qəza faktı üzrə müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki təhqiqat aparılır. 2. Xüsusi komissiya təhlükə potensiallı obyektin yerləşdiyi yerli özünü idarəetmə orqanlarının, obyektin istismarını həyata keçirən hüquqi və fiziki şəxslərin, habelə layihə, elmi-tədqiqat institutlarının, tikinti-quraşdırma, ekspertiza, texniki təhlükəsizlik, sığorta və sair təşkilatların nümayəndələrini təhqiqat işinə cəlb edə bilər. 3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər qəza səbəblərinin texniki təhqiqatı üzrə komissiyaya öz səlahiyyətlərini həyata keçirmək üçün müvafiq məlumat və sənədləri təqdim etməlidir. 4. Qəza səbəblərinin texniki təhqiqatının nəticələri barədə akt tərtib edilir. Həmin aktda qəzanın səbəbləri və şəraiti, dəyən ziyanın həcmi, texniki təhlükəsizlik tələblərinin pozulması halları, həmçinin qəza nəticələrinin lokallaşdırılması və ləğv edilməsi üzrə görülmüş tədbirlər göstərilir. 5. Qəzanın səbəbləri üzrə texniki təhqiqat xərcləri qəza baş vermiş obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən maliyyələşdirilir. Maddə 14. Texniki təhlükəsizlik ekspertizası 1. Texniki təhlükəsizlik ekspertizası aşağıdakılara şamil olunur: təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə; təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara; təhlükə potensiallı obyektdəki bina və tikililərə; texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə. 2. Texniki təhlükəsizlik ekspertizası obyekti istismar edən hüquqi və ya fiziki şəxsin hesabına bu ekspertizanı aparmağa xüsusi razılığı olan təşkilat tərəfindən həyata keçirilir. 3. Texniki təhlükəsizlik ekspertizasını həyata keçirən təşkilat ekspertizanın nəticəsi barədə rəy verir. 4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir. 5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər. 6. Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 15. Texniki təhlükəsizlik bəyannaməsi 1. Texniki təhlükəsizlik bəyannaməsində: - qəza və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi; - qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil; - hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığının təmin edilməsi; - qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır. Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların siyahısı və onların tərtib olunma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır. 2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması məcburidir. 3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanına texniki təhlükəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər. 4. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və ya fiziki şəxs bəyannamədə göstərilən məlumatların tam və dəqiq olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 5. Hüquqi və ya fiziki şəxs təhlükə potensiallı obyektin istismarı ilə bağlı xüsusi razılıq almaq üçün müraciət etdikdə, yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki təhlükəsizliyə dair tələblər dəyişdikdə texniki təhlükəsizlik bəyannaməsi dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır. 6. Texniki təhlükəsizlik bəyannaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq dövlət və yerli özünü idarəetmə orqanlarına təqdim edilir. 7. Texniki təhlükəsizlik bəyannaməsi qanunvericiliyə uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçməlidir. Maddə 16. Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin icbari sığortası Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin həmin obyektlərdə baş verə biləcək qəza nəticəsində digər şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına və ətraf mühitə dəyən zərərə görə məsuliyyəti icbari qaydada sığortalanır. Sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir. Maddə 17. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti 1. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti həmin obyektlərin istismarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir. 2. Dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər: - təhlükə potensiallı obyektlərə sərbəst daxil olmaq; - təhlükə potensiallı obyektlərin istismarı ilə bağlı sənədlərlə tanış olmaq; - təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərə müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq şərtlərinin yerinə yetirilməsini yoxlamaq; - təhlükə potensiallı obyektlərdə baş verən qəzaların texniki təhqiqatının aparılmasının düzgünlüyünü, habelə bu təhqiqatlar nəticəsində görülmüş tədbirlərin kifayətləndirici olub-olmamasını araşdırmaq; - yoxlama nəticəsində aşkar olunmuş pozuntuları aradan qaldırmaq üçün hüquqi və fiziki şəxslərə yazılı sərəncam vermək; - texniki təhlükəsizlik sahəsində, o cümlədən obyektdə bina və tikintilərin, təhlükə potensiallı obyektdə tətbiq olunan texniki qurğuların texniki təhlükəsizlik ekspertizasının həyata keçirilməsinin zərurəti barədə öz səlahiyyətləri çərçivəsində göstərişlər vermək; - texniki təhlükəsizlik tələblərinin pozulmasında təqsirkar olan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri üçün toplanmış materialları hüquq-mühafizə orqanlarına göndərmək; - təhlükə potensiallı obyektlərin mütəxəssislərinin və vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsini tələb etmək; - hüquqi və fiziki şəxsə verilmiş xüsusi razılıq fəaliyyətinin məhdudlaşdırılması, yaxud dayandırılması, habelə texniki təhlükəsizlik tələbləri kobud şəkildə pozulduqda xüsusi razılığın fəaliyyətinə xitam verilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək; - başqa şəxslərin həyatına, sağlamlığına, əmlakına dəyən zərərin ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış etmək; - bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından irəli gələn səlahiyyətləri yerinə yetirmək. Maddə 18. Texniki təhlükəsizlik sahəsində mübahisələrin həlli qaydası Texniki təhlükəsizlik sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur. Maddə 19. Texniki təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Heydər ƏLİYEV Azərbaycan Respublikasının prezidenti Bakı şəhəri, 2 noyabr 1999-cu il

ia.png

PREZİDENT

İLHAM

ƏLİYEV

ma.png

I VITSE-PREZİDENT

MEHRİBAN

ƏLİYEVA

Bizə müraciət et

Müraciətiniz qeydə alındı!

+994 55 454 22 00

Moskva Pr., 67

cropped-logoahk.png

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

musabiqe son.jpg
bottom of page